Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

28 fevral 2019 | 16:00

Göygöl şəhər Mədəniyyət mərkəzində Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorların, siyasi partiyaların rayon təşkilatlarının, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri, mətbuat işçiləri, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  məsul işçisi Arif Novruzov iştirak etdilər. 
Yığıncaqda “Göygöl rayonunda 2018-ci ildə sosial-iqtisadi sahədə görülən işlərin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair” hesabat məruzəsi ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək qeyd etdi ki, 2018-ci ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi  olaraq  15 il ərzində rayonun iqtisadiyyatı dinamik inkişaf etmiş, 85 xidmət, 203 istehsal, 5 emal obyektləri istifadəyə verilmişdir. 2018-ci il ərzində iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 174 milyon 60,2 min manat olmuşdur. Bundan 117 milyon 96,5 min manatı (67,3%) istehsal sahələrini, 56 milyon 963,7 min manatı (32,7%) xidmət sahələrini əhatə edir. Adambaşına  2707,4 manat dəyərində məhsul istehsal edilmişdir. Hesabat ili ərzində rayonda 822 yeni iş yerləri açılmış, bunun da 562-si daimidir.
2018-ci ildə rayon ərazisində 19724,3 ton taxıl istehsal edilmişdir ki, bundan 14616,7 ton buğda, 5107,6 ton arpa məhsulu olmuşdur. Rayon ərazisində 9549,8 hektar sahədə payızlıq şum aparılmışdır. 2018-ci ildə 1577 nəfər toxum və kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən 846 min 972 manat subsidiya və yardım verilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 19 ton, ət istehsalı  1254,8 ton, yumurta istehsalı 20 min ədəd artmışdır.
2018-ci ildə 33 milyon 873,4 min manat əsas kapitala investisiya qoyulmuş, bundan 32 milyon 295,7 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
2018-ci ildə rayon Statistika idarəsinin yeni inzibati binasının tikintisinə başlanılımş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin inzibati binasının və Qafqaz tipli otelin tikintisi davam etdirilir. Göygöl şəhərinin Fərman Kərimzadə küçəsində 1 binanın və Qızılqaya qəsəbəsində yerləşən 5 çoxmənzilli binanın dam örtükləri dəyişdirilmiş, həmin binalarda və şəhərin 21-ci məhəlləsində, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 mərtəbəli binaların fasad hissələri suvanaraq rənglənmiş, giriş qapıları və blok pəncərələri dəyişdirilmişdir.  Dövlət Mənzil Fonduna aid olan 6 yaşayış mənzili təmir olunmuşdur.
19-cu əsrin əvvəllərində almanlar  tərəfindən inşa olunmuş binaların 74-də təmir işləri aparılmış,  24 071 kv.m dam örtüyü dəyişdirilmiş, 1 142 kv.m frantonlar taxta materialı ilə üzlənərək laklanmış, divarları suvanaraq rənglənmişdir.
Göygöl şəhərinin Ordubadi, Mikayıl Müşfiq və İsrafil Məmmədov küçələrinə, 4 saylı orta məktəbin həyətinə və Mərkəzi rayon stadionuna ümumilikdə 15260 kv.m asfalt örtük salınmış, 2631 p/m suötürücü arxlar quraşdırılmışdır. 30 000 p/m yollar və piyada keçidləri yol boyası ilə, 18200 p/m bardurlar emulsiya ilə rənglənmişdir. Şəhərin yeni yaşayış massivində 6 küçənin gecə işıqlanması yenidən qurulmuşdur.
Rayonun 3 min nəfər əhalisi yaşayan 3 yaşayış məntəqəsini birləşdirən 18 km uzunluğunda, Bakı-Qazax magistral avtomobil yolunun 353 km-dən  başlayan Çaylı - Pənahlılar - Dozular kəndlərarası avtomobil yolunda əsaslı təmir işləri aparılaraq yola asfalt örtük salınmışdır.
Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır və işlər davam etdirilir.  
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin həyata keçirdiyi xoşməramlı layihə əsasında Dozular kəndi ərazisində 2,0 hektar torpaq sahəsində salınmış meyvə bağı 3 aztəminatlı ailə arasında bərabər bölünərək, onların təmənnasız istifadəsinə verilmişdir. Aztəminatlı ailələr meyvə bağlarına qulluq edib oradan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanmişlar.
  Göygöl-Mollacəlilli, Tülallar, Əzgilli  avtomobil yollarında, Qızılca, Yalqışlaq, Sərkar, Haçaqaya, Yeni Qızılca, Xaqani, Əlimədədli, Nadil, Zurnabad, Çaykənd kənddaxili yollarda  təmir işləri aparılmış, Sarısu yolunun təhlükəli olan dolaylarına beton bloklar qoyularaq, metal dirəklər basdırılmışdır. 
Dövlət qayğısı nəticəsində ümumtəhsil məktəblərinin, məktəbəqədər uşaq tərbiyə müəssislərinin tikintisi və onların maddi-texniki bazası ilbəil güclənir. Hesabat ilində Əzgilli kənd ibtidai məktəbi üçün 20 yerlik modul tipli binanın quraşdırılmasına başlanılmış, işlər davam etdirilir. Yeni Qızılca kəndində 50 yerlik uşaq bağçası inşa edilmiş, hazırda tamamlanma işləri aparılır. Zurnabad kənd uşaq bağçası əsaslı təmir edilmişdir.
Rayonda idmanın kütləviliyinin artırılmasına diqqət çoxalmış, idman sahəsində yerli tədbirlərin sayı 25, respublika tədbirlərin sayı 44 olmuşdur. 2018-ci ildə Dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə rayon idmançıları 12 qızıl, 12 gümüş və 8 bürünc medal qazanmışlar. Onlardan ən yüksək nəticə 2018-ci il 8-9 noyabr tarixlərində Qazaxıstan Respublikasının Aktau şəhərində keçirilən Aşihara-karate üzrə dünya çempionatında 4 idmançımızın  (2 qızıl və 2 gümüş) medal qazanmaları olmuşdur.
Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2018-ci il ərzində ölkəmizdə böyük layihələrin  həyata keçirildiyini,  2019-cu il ərzində daha  geniş miqyaslı işlərin görüləcəyini qeyd etdi və əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm qərarlar qəbul edildiyini diqqətinə çatdırdı
Hesabat yığıncağı tənqid və özünütənqid şəraitində keçdi, sonda qarşıda duran vəzifələri əhatə edən qərar qəbul edildi və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən  bir qrup rayon sakininə fəxri fərman və xatirə hədiyyələri təqdim olundu.

Keçidlər