Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə Turistik Yol Göstəriciləri Sisteminin açılışı mərasimi keçirildi

17 iyul 2018 | 16:00

Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı keçirilən silsilə tədbirlərin davamı olaraq Göygöl rayonunda “Turistik yol göstəricilərinin quraşdırılması” layihəsinin açılış mərasimi keçirildi.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfiri cənab Mixael Kindsqrab, Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini cənab Rafiq Bayramov, Berlin Humboldt Universitetinin Azərbaycan Tarixi kafedrasının müdiri xanım Eva-Maria Aux, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov qonaqları salamlayaraq onlara xoş arzularını çatdırdı, bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz dərin minnətdarlığını bildirdi və qeyd etdi ki,  iki dövlət arasındakı tarixi dostluq ənənələrinin davam etdirilməsi nəticəsində almanların Azərbaycandakı evləri, Bakı, Göygöl və Şəmkirdəki lüteran kilsələri, digər alman memarlıq nümunələri olan tikililəri qorunub saxlanmaqdadır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini cənab Rafiq Bayramov çıxış edərək Göygöldə səyahət-yol nişanları sistemimin yaradılması istiqamətində göstərdikləri xoşməramlı fəaliyyətə görə Almaniyanın Azərbaycandakı səfirliyinə öz minnətdarlığını bildirərək və qeyd etdi ki, Azərbaycan və alman xalqları hələ iki əsr öncə sülh və dostluq şəraitində birgə yaşamın modelini yaradaraq, ümumbəşəri tolerantlıq anlayışına töhfələr veriblər. 200 il əvvəl Şərqə, Cənubi Qafqaza üz tutmuş alman icmasının ölkəmizdəki tarixi-mədəni izlərinin qorunub saxlanılması və tanıdılması məqsədilə Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bir sıra işlər həyata keçirilib. Bu gün multikultural mədəni irsimizin önəmli bir hissəsi kimi Azərbaycandakı alman izlərinin qorunub saxlanılması və təbliği istiqamətində növbəti uğurlu addım atılır.
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfiri cənab Mixael Kindsqrab çıxış edərək Azərbaycanda alman mədəni irsinə göstərilən diqqət və qayğıdan danışdı. Layihənin  əhəmiyyətinindən danışan səfir iki ölkə arasında, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də möhkəm əlaqələr bildirdi və bu münasibətlərin daha da gücləndirilməsi istiqamətində görülən işlərin davam etdiriləcəyi vurğuladı.
Berlin Humboldt Universitetinin Azərbaycan Tarixi kafedrasının müdiri xanım Eva-Maria Aux “Göygöl rayonunda turistik yol göstəricilərinin quraşdırılması” layihəsini təqdim etdi, layihə barədə geniş və ətraflı məlumat verdi. Sonra Göygöl şəhərinin tarixini turistik olaraq cəlbedici etmək üçün hazırlanmış yol nişanları, məlumat lövhələri və stendlərin qurulması konseptinə baxış keçirildi.
        Daha sonra Göygöl şəhərindəki lüteran alman kilsəsində “Azərbaycan memarlığında alman irsi” kitabının təqdimatı keçirildi. Müəllif Elçin Əliyev tərəfindən imzalanmış kitablar qonaqlara hədiyyə edildi.

Keçidlər